Prayers & Meditations
Azerbaijani ·
Ey mənim Allahım, Məhbubum, məni hərəkətə Gətirən, Qütb Ulduzum, qəlbimdə car Çəkən, Ey mənim Sirdaşım! Həmd olsun Sənə ki, üzümü Sənə tutmağıma, Sənin zikrinlə alovlanmağıma, Sənin adını ucaltmağıma və tərifini söyləməyimə kömək etdin.
Ya Rəbb! Ya Rəbb! Əgər qəflət olmasaydı, Sənin mərhəmət sancağın sancılardımı və səxavət bayrağın ucalardımı? Əgər xəta olmasaydı, Sənin eyibləri Örtən, günahları Bağışlayan, hər şeyi Bilən və hikmət Sahibi olmağın necə bilinərdi? Mənim canım Səndən qafil olanların qəflətinə fəda olsun, çünki onun ardınca Sənin “Rəhman” və “Rəhim” adının mərhəmət nəsimləri əsər. Mənim həyatım Sənə qarşı günah işlədənlərin günahına fəda olsun, çünki onun sayəsində Sənin fəzlinin ətri duyular və Sənin lütflərinin müşkü ətrafa səpilər. Mənim zatım Sənə asi olanların asiliyinə fəda olsun, çünki onun vasitəsilə Sənin əta üfüqündən inayət Günəşin parlayar və Sənin səxavət yağışların bütün məxluqatın üstünə tökülər.
Ya Rəbb, mən bütün günahlarımı boynuma aldım və heç bir insanın etiraf etmədiyi şeyləri etiraf etdim. Mən Sənin əfv dənizinin sahilinə tələsdim və Sənin kəramət çadırının kölgəsində məskən saldım. Ey Əzəl Sultanı və aləmi Qoruyan Kəs, Səndən rica edirəm, mənə elə bir keyfiyyət bəxş et ki, onun aşkara çıxması ilə ruhlar Sənə məhəbbətin səmasında və könüllər Sənin Ruhunla ünsiyyətin fəzasında uçsunlar. Mənə Öz qüdrətindən elə bir güc ver ki, onunla bütün məxluqatı Sənin Zühurunun Şəfəqinə və Sənin Vəhyinin Məşriqinə doğru döndərim.
Ya Rəbb! Mənim bütünlüklə Sənin İradənə təslim olmağıma və xidmətində durmağıma kömək eylə, çünki mən bu həyatı yalnız ondan ötrü sevirəm ki, Sənin Vəhy Çadırının və Cəlal Taxtının ətrafına dolanım. İlahi, görürsən ki, mən Səndən ötrü hər şeydən əlimi üzmüşəm və Sənin qarşında boyun əymişəm. Mənimlə istədiyin kimi, Sənin cəlalına yaraşan və Həzrətinə layiq olan tərzdə rəftar eylə!
- Bu Lövh Həzrət Bəhaullahın və Həzrət Babın Məqamlarında, habelə Onların süud ildönümlərində istifadə olunur.
Otərif ki, Sənin ən uca Zatından doğdu və o nur ki, Sənin ən cəlallı Camalından parladı, Sənin üzərinə olsun, Sən Ey əzəmət Məzhəri və əbədiyyət Sultanı, göydə və yerdə olanların Rəbbi. Mən şəhadət verirəm ki, Sənin vasitənlə Allahın səltənəti və Onun hökmranlığı, Allahın böyüklüyü və Onun əzəməti aşkar oldu, qədim cəlalın Günəşi öz şüalarını Sənin dəyişməz əmrinin səmasına saçdı və Gözəgörünməzin Camalı xilqətin üfüqündə parladı. Daha sonra şəhadət verirəm ki, Qələminin tək bir hərəkəti ilə Sənin “Ol” əmrin yerinə yetdi, Allahın gizli Sirri açıldı, bütün varlıqlar yaranmağa başladı və bütün Vəhylər nazil oldu.
Bundan başqa şəhadət verirəm ki, Sənin camalınla Pərəstiş Olunanın camalı göründü, Sənin üzünlə Məqsudun üzü parladı və ona şəhadət verirəm ki, Sənin tərəfindən gələn bir kəlmə ilə Sən bütün məxluqat arasında qərar verirsən, Sənə sədaqətli olanları şərəf zirvəsinə ucaldırsan, inanmayanları isə uçurumun dibinə salırsan.
Mən şəhadət verirəm ki, hər kəs ki, Səni tanıdı, o, Allahı tanıdı və hər kəs ki, Sənin hüzuruna yetişdi, Allahın hüzuruna yetişdi. Ona görə də, xoş o kəsin halına ki, Sənə və Sənin əlamətlərinə iman gətirdi, Sənin hökmranlığına baş əydi, Səninlə görüşmək şərəfinə nail oldu, Sənin razılığını əldə etdi, Sənin dövrənə dolandı və Sənin taxtının önündə dayandı. Vay o kəsin halına ki, Sənə qarşı günah etdi, Səni dandı, Sənin əlamətlərini inkar etdi, Səni hökmranlığına qarşı çıxdı, Sənin əleyhinə qalxdı və Sənin üzünün qarşısında lovğalandı, Sənin dəlillərinlə mübahisə etdi, Sənin hökmranlığından və qüdrətindən qaçdı və Sənin əmr barmaqlarınla Sənin Müqəddəs Lövhlərində imansızlar sırasına yazıldı.
Sonra, Ey mənim Allahım və mənim Məhbubum, Öz mərhəmətinin və inayətinin sağ əlindən Öz lütflərinin müqəddəs nəsimini mənim üstümə əsdir ki, onlar məni öz nəfsimdən və bu dünyadan ayırıb Sənin yaxınlıq dərgahına və Sənin Hüzuruna cəzb etsin. Sən istədiyini etməyə Qadirsən. Sən, həqiqətən, hər şeyin üzərində hakimsən.
Allahın zikri və Onun tərifi, Allahın Cəlalı və Onun nuru Sənin üzərinə olsun, Sən Ey Allahın Camalı! Mən şəhadət verirəm ki, məxluqatın gözü Sənin kimi Məzlum görməyib. Sən bütün ömrün boyu bəlalar dəryasında qərq olmusan. Bir zaman Sən zəncir və qandal altında idin; başqa bir vaxt düşmənlərinin qılıncları Səni təhdid edirdi. Bununla belə, Alim və Hikmət Sahibi Allahın Sənə buyurduqlarını bütün insanlara çatdırdın ki, onlara əməl etsinlər.
Ruhum Sənin çəkdiyin məzlumiyyətlərə fəda olsun və canım Sənin məruz qaldığın bəlaların qurbanı olsun. Səninlə və Sənin üzünün nuru ilə üzləri işıqlanan və Sənə məhəbbət naminə onlara əmr olunanları yerinə yetirən kəslərlə Allaha and verirəm ki, Səninlə Sənin yaratdıqların arasında maneə yaradan pərdələri aradan qaldırsın və mənə bu dünyanın və o biri dünyanın nemətini versin. Sən, həqiqətən, Qüdrətli, Ən Uca, Ən Cəlallı, həmişə Bağışlayan və Ən Şəfqətlisən.
Ey mənim Rəbbim Allah, İlahi Sidrəyə, onun yarpaqlarına, budaqlarına, pöhrələrinə, onun gövdələrinə və onun qol-budaqlarına, Sənin ən yüksək adların durduqca və Sənin ən uca sifətlərin qaldıqca xeyir-dua ver. Sonra onu, təcavüzkarın şərindən və zülmün qoşunlarından hifz eylə. Sən, həqiqətən, Qüdrətli və ən Qüvvətlisən. Ey mənim Rəbbim Allah, Sənin hüzuruna yetişən bəndələrinə və kənizlərinə də xeyir-dua ver. Sən, həqiqətən, Kəramət Sahibisən ki, fəzli sonsuzdur. Səndən başqa Allah yoxdur, Sən həmişə Bağışlayan və Ən Səxavətlisən.
- Namaz qılmaq istəyən kəs əllərini yusun və yuyarkən söyləsin:
Mənim əlimi qüvvətləndir, Ey mənim Allahım, o Sənin kitabını elə mətinliklə saxlasın ki, dünyanın qoşunları onu sarsıda bilməsin. Sonra, onun olmayan hər şeyə toxunmadan onu qoru. Sən, həqiqətən, Qüdrətli və Qüvvətlisən.
- Üzünü yuyarkən söyləsin:
Üzümü sənə tərəf çevirmişəm, Ey mənim Rəbbim! Onu Öz camalının nuru ilə nurlandır. Sonra onu Səndən başqasına dönməkdən qoru.
- Sonra üzü qibləyə tərəf (Bəhci, Əkka) ayaq üstə duraraq bu ayəni oxusun:
Allah şəhadət verir ki, Ondan başqa Allah yoxdur. Əmr və xilqət Onundur. O, həqiqətən, Zühurun Məşriqini, Turda Danışanı zahir etdi ki, Onunla ən uca Üfüq nurlandı, Sidrətül-Müntəha dilə gəldi, yerdə və göydə olanlara nida ucaldı: “Baxın, hər şeyin Maliki gəldi. Yer və göy, izzət və hökmranlıq bəşərin Mövlası, ərşin və yerin Maliki Allahındır.”
- Sonra əyilib əllərini dizinə qoysun (ruku) və söyləsin:
Sən mənim tərifimdən və məndən başqa hər kəsin tərifindən, mənim vəsfimdən və göydə və yerdə olanların vəsfindən ucasan.
- Sonra əllərini qoşalaşdırıb göyə qaldısın (qnut) və söyləsin:
Ey mənim Allahım, yalvaran barmaqlarla Sənin rəhmət və fəzl ətəyindən yapışan kəsi məyus etmə, Sən Ey rəhmlilərin Rəhmlisi!
- Sonra dizi üstə otursun və söyləsin:
Sənin birliyinə və təkliyinə, Sənin Allah olduğuna və Səndən başqa Allah olmadığına şəhadət verirəm. Sən həqıqətən, Öz Əmrini aşkar etdin, Əhdinə vəfa etdin və fəzl qapını göydə və yerdə onların üzünə açdın. Xeyir-dua və əmin-amanlıq, salam və Bəha Sənin dostlarının üzərinə olsun ki, dünyanın dəyişiklikləri və hadisələri onların Sənə tərəf yönəlmələrinə mane ola bilmədi və onlar Sənin yanında olanları əldə etmək ümidi ilə bütün malik olduqlarından keçdilər. Sən, həqiqətən, Bağışlayan və Səxavətlisən.
*(Əgər kimsə uzun ayənin əvəzinə “Allah şəhadət verir ki, Ondan başqa Allah yoxdur, O, Əzəmətli və Qəyyumdur” söyləsə, bu kifayət edər. Eynilə də bu kifayət olardı ki, əyləşdiyi zaman bu ayəni oxusun: “Sənin birliyinə və təkliyinə və ona səhadət verirəm ki, sən Allahsan, Səndən başqa Allah yoxdur.”)
- Novruz, 20 və bəzi illər 21 Martda başlanır və Azərbaycan bəhailəri üçün yeni ilin birinci günüdür
Alqış Sənə, Ey mənim Allahım, Sən Novruzu Sənə məhəbbət xatirinə Oruc tutanlar və Sənin bəyənmədiyin şeylərdən çəkinənlər üçün bayram təyin etdin. Lütf eylə, İlahi, Sənin məhəbbətinin odu və Sənə hökm olunan Orucun törətdiyi hərarət onları Sənin əmrində alovlandırsın, Sənin tərifin və zikrinlə məşğul etsin.
Ey mənim Rəbbim, Sən ki onları Özün əmr etdiyin Orucla bəzəmisən, onları həm də bol bəxşişlərin və fəzlin vasitəsilə Sənin qəbul zinətinlə bəzə, çünki insanların bütün əməlləri Sənin razılığından asılıdır və Sənin hökmün altındadır. Əgər Sən Orucu pozan bir kimsəni ona riayət edən kəs kimi qəbul etsən, belə bir şəxs əzəldən Oruc tutanlar arasında sayılar. Əgər Sən Oruc tutanı onu pozmuş kəs kimi qərar versən, o şəxs Sənin Məzhərinin ətəyini ləkələyən və bu Həyat çeşməsinin şəffaf sularından uzaqlaşdırılmış kəslərin cərgəsində sayılar.
Sən O Allahsan ki, Onunla “Sən Öz əməllərində Tərifəlayiqsən” rəmzi yüksəlmiş, və “Sən Öz əmrində itaət Olunansan” bayrağı açılmışdır. Özünün bu məqamını, Ey mənim Allahım, öz bəndələrinə tanıtdır, ta ki, onlar yaxşı anlasınlar ki, bütün şeylərin aliliyi Sənin əmrin və kəlməndən asılıdır və hər bir əməlin yaxşlılğı Sənin iznin və razılığınla şərtlənir və bilsinlər ki, insanların əməllərinin cilovu Sənin qəbul və hökmün ovcundadır. Bunu onlara bildir ki, heç nə onları Sənin Camalından ayıra bilməz, o günlərdə ki, isa Məsih səsini ucaldır: “Bütün hökmranlıq Sənindir, Sən Ey Ruhu (İsanı) Yaradan”; və Sənin Sevimli Dostun (Məhəmməd) səslənir: “Alqış Sənə, Sən Ey Məhbub, çünki Sən öz Camalını açdın və Öz seçilmişlərinə Sənin ən Böyük Adının zühur taxtına yetişməyə səbəb olanları yazdın, O Ad ki, Onunla Səndən başqa hər şeydən inqita edən və Sənin Özünün Zühurun və Sənin sifətlərinin Məzhəri olan Kəsə üz tutanlardan başqa bütün ümmətlər ah-nalə etmişlər.”
Sənin Budağın Olan Kəs və Sənin ətrafında olanlar, Ey mənim Rəbbim, bu gün öz oruclarını Sənin sarayının həndəvərində ona riayət etdikdən sonra və Səni razı salmaq şövqü ilə açmışlar. Ona və həm də onlara və o günlərdə Sənin hüzuruna yetişənlərə, Öz Kitabında qismət kimi yazdığın xeyirləri nəsib eylə. Sonra, bu dünyada və axirətdə onlara fayda verən şeylərdən ruzi ver.
Sən, həqiqətən, Hər şeyi Bilən, Ən Hikmətlisən.
Ey Allah, Sən O Allahsan ki, bilik və hidayətin parlaq şüalarını insanların üzərinə saçaraq, Öz şəfəqlərini onların parlaq zatının üzərinə səpdi və onları bütün yaranmışların arasında bu yüksək fəzl üçün seçdi və onları qeyb aləmindən görünən aləmə gətirməklə hər şeyi əhatə etməyə, onların batini mahiyyətini dərk etməyə, onların sirlərini açmağa qabil etdi! “O Öz nemətini istədiyi şəxsə bəxş edər.” 1 (Quran, 3:73)
Ya Rəbb, Öz sevimlilərinə kömək et ki, bilik, elm və sənət əldə etsinlər və bütün yaradılmış şeylərin zatında gizlənmiş sirləri açsınlar. Qoy onlar mövcüd olan hər şeyin məğzində yazılmış və həkk olunmuş gizli həqiqətlərdən vaqif olsunlar. Onları bütün yaranmışlar arasında hidayət bayraqları və əqlin nüfuzedici şüaları eylə ki, özlərinin nuruna bunda, “ilk yaradılışda” 2 (Quran, 56:62) saçırlar. Onları Sənə aparan rəhbər, Sənin yoluna bələdəçi, insanları Sənin Mələkutuna can atmağa ruhlandıran carçılar eylə.
Sən, həqiqətən, Qüdrətli, Hifzedən, Qadir, Qoruyan, Əzəmətli və Ən Kəramətlisən.
Alqış olsun Sənə, Ey Allah, mənim Allahım! Hər dəfə mən Səni zikr etməyə cəsarət edəndə Sənə qarşı işlətdiyim böyük günahlarım və ağır xətalarım mənə mane olur və mən özümün Səndən məhrum olduğumu və Səni zikr etməkdə acız olduğumu görürəm. Lakin Sənin kəramətınə mənim böyük inamım mənim ümidimi yenidən canlandırır və mənimlə iltifatla davranacağına yəqinliyim məni cürətləndirir ki, Səni tərif edim və Sənin malik olduqlarını Səndən rica edim.
Səni and verirəm, Ey mənim Allahım, Sənin o mərhəmətinə ki, bütün şeyləri bürüyüb və Sənin adlarının dəryasına qərq olanlar ona şəhadət verir – məni öz nəfsimə buraxma, çünki mənim nəfsim xətaya meyllidir. Sonra isə məni Öz himayənin qalasında və ismətinin sığınacağında hifz eylə. Mənim yeganə arzum odur ki, İlahi, onu Sən Öz qüdrət və qüvvətinlə müəyyən etmisən. Özüm üçün seçdiyim yalnız odur ki, Sənin səxavətli qismət payından və iradənin hidayətindən kömək alım və Sənin fərman və mühakimənin nişanələrindən yardım alım.
Yalvarıram sənə, Ey müştaq qəlblərin Məhbubu! Sənin Əmrinin Məzhərləri, İlhamının Məşriqləri, Qüdrətinin Təzahürləri və Elminin Xəzinələri xatirinə, məni Sənin Mübarək Sarayından, Sənin Məbəd və Məqamından məhrum qoyma. Kömək eylə mənə, İlahi, Onun müqəddəs sarayına daxil olum və Onun camalının ətrafında təvaf edim və Onun qapısında itaətkarlıqla dayanım.
Sən o Kəssən ki, qüdrəti əzəldən ədəbiyyətə qədərdir. Heç bir şey Sənin elmindən gizli qala bilməz. Sən həqiqətən, qüdrət Allahı, cəlal və hikmət Allahısan.
Şükrlər olsun Allaha – aləmlərin Rəbbinə!
- Əlavə Günlər, Fevralın 26-dan Martın 1-dək, hər iki tarix daxil olmaqla, Orucluğa hazırlaşmaq gunləri, qonaqpərvərlik günləri, xeyriyyə və hədiyyələr bağışlamaq günləridir
Mənim Allahım, mənim Atəşim və mənim Çırağım! Öz Kitabında Əyyam-i-Ha adlandırdığın günlər başlayıb, Sən Ey adların Sultanı və Sənin ən uca Qələminin Sənin xilqətinin səltənətində, hamıya vacib buyurduğun Oruc yaxınlaşır. Səni and verirəm, İlahi, bu günlərə və bu müddətdə Sənin hökmlərinin ipindən və Sənin əmrlərinin dəstəyindən yapışanların hamısına, hər bir ruha Sənin sarayının yanında bir yer və Sənin üzünün şəfəqinin məşriqində bir məkan qismət eylə.
Bunlar, İlahi, Sənin o bəndələrindir ki, nəfsi-həva onları Sənin Kitabında nazil etdiklərindən uzaq sala bilmədi. Onlar Sənin Əmrin qarşısında baş əyiblər, Sənin Kitabını Səndən gələn qətiyyətlə qəbul ediblər və Sənin onlara hökm etdiklərinə riayət ediblər, Sənin nazil etdiklərinə əməl etmək üçün seçiliblər.
Sən görürsən, İlahi, onlar Sənin Lövhlərində zahir etdiklərini necə iqrar və etiraf ediblər. İlahi, Öz əta əllərindən Sənin əbədiliyinin suyundan onlara içir. Sonra onlara Sənin dəryanda üzənlərin və Səninlə vüsalın nəfis şərabından dadanların mükafatını yaz.
Rica edirəm Səndən, Ey sultanların Sultanı və əzilənlərə Rəhmi gələn, onlara bu dünyanın və o dünyanın xeyrini qismət eylə. Onlara Sənin yaratdıqlarından hələ heç kəsin bilmədiyini tanıtdır və onları o kimsələrin cərgəsinə yaz ki, Sənin ətrafına toplaşıblar və Sənin bütün aləmlərində Sənin taxtının ətrafında dolanırlar.
Sən, həqiqətən, Ən Qüdrətli, Hər Şeyi Bilən və Hər şeydən Xəbərdarsan.
Bilmirəm, Ey mənim Allahim, o nə Oddur ki, Sən Öz ölkəndə qalamısan. Nə torpaq onun şöləsini gizlədə bilər, nə də su onun alovunu söndürə bilər. Bütün yer üzünün insanları onun gücü qarşısında acizdirlər. Bəxtiyardır o kəs ki, bu atəşə yaxınlaşdı və onun uğultusunu eşitdi.
Bəzilərini, İlahi, Sən qüvvətləndirici fəzlinlə ona yaxınlaşmağa qabil etdin, digərlərini isə Sənin günlərində törətdiklərinə görə ondan məhrum qoydun. Və o kəslər ki, ona doğru tələsib kama çatdılar, onlar Sənin Camalının şövqü ilə canlarını fəda etdilər və Səndən başqa hər şeydən ayrılıb Sənə doğru ucaldılar.
Səni and verirəm, İlahi, yanıb şölələnən bu Oda ki, xilqət dünyasında yanır və tüğyan edir, Sənin əzəmət taxtının önünə yetişməyimə və Sənin qapında dayanmağıma mane olan pərdələri yandır. Ey Allahım, Öz kitabında nazil etdiyin bütün xeyirləri mənə nəsib eylə və məni Öz mərhəmət çadırından uzaq düşməyə qoyma.
Sən istədiyini etməyə Qadirsən. Həqiqətən, Sən Qüdrətli və Ən Səxavətlisən.
Öz əbədiyyətinin şirin sularından mənə içir, ey mənim Allahım və Sənin varlıq ağacının meyvələrindən mənə dadızdır, Ey mənim Ümidim! Məhəbbətinin saf çeşmələrinin sularından mənə doyunca içir, Ey mənim Şərəfim və Sənin əbədi inayətinin kölgəsində mənə məskən ver, Ey mənim Nurum! Sənə yaxınlıq çəmənliyində Öz hüzurunda məni gəzdir, Ey mənim Məhbubum, Sənin mərməhət taxtının sağında məni əyləşdir, Ey mənim Məqsudum! Sevincinin rayihəli nəsimlərini mənim üstümə əsdir, Ey mənim Mətləbim, məni Həqiqət cənnətinin zirvəsinə çatdır, Ey mənim Məbudum! Sənin təklik göyərçininin təranələrini mənə dinlət, Ey Parıldayan! Qüdrət və Qüvvət ruhunla məni canlandır, Ey mənim Pərvərdigarım! Eşqinin ruhunda məni möhkəm saxla, Ey mənim Yardım Edənim, Öz razılıq yolunda addımlarımı qüvvətləndir, Ey mənim Xaliqim! Sənin ölümsüzlük bağında, üzün qarşısında, əbədi məskən ver, Sən Ey mənə Mərhəmətli və Sənin izzət kürsündə məni əyləşdir, Sən Ey mənim Sahibim! İnayət səmana məni ucalt, Ey mənim Canlandıranım, hidayət Günəşinə məni yönəlt, Ey mənim Cəzb Edənim! Sənin görünməz ruhunun təzahürləri qarşısında məni hazır et, Sən Ey mənim Əvvəlim və mənim ən Uca İstəyim və Sənin zahir edəcəyin gözəlliyinin rahiyələrinin cövhərinə məni qaytar, Ey mənim Allahım!
Sən istədiyini etməyə Qadirsən. Sən, həqiqətən, Ən Uca, Ən Cəlallı, Ən Yüksəksən.
Həmd-səna olsun Sənə, Ya Rəbb, mənim Allahım! Səni and verirəm Öz Seçilmişlərinə, Sənin Əmanətini Daşıyanlara və Öz Peyğəmbərlərinin və Elçilərinin Möhürü etdiyin Kəsə - izn ver ki, Sənin zikrin mənim munisim olsun, məhəbbətin məqsədim, Üzün mətləbim, Adın çırağım olsun, istədiyin muradım və Razılığın mənim fərəhim olsun.
Mən günahkaram, İlahi, Sənsə Uca Bağışlayansan. Mən Səni tanıyan kimi, Sənin İnayətinin uca Sarayına çatmağa tələsdim. İlahi, mənim o günahlarımı əfv et ki, Sənin razılığını qazanmaq yolu ilə getməyimə və Sənin vahidlik dənizinin sahilinə çatmağıma mane oldu.
Bir kəs yoxdur ki, İlahi, mənimlə comərd davransın, o kəs ki, üzümü ona tuta bilərəm. Nə də mənə şəfqətli olacaq bir kəs var ki, onun mərhəmətini diləyim. Yalvarıram Sənə, məni Öz fəzlinin qapısından qovma və məni Öz səxavət və kəramət yağışlarından məhrum etmə. İlahi, mənə Səni sevənlərə nəsib etdiklərini nəsib eylə və Öz seçilmişlərinə yazdıqlarını mənə də yaz. Baxışlarım hər zaman Sənin İnayətinin üfüqünə dikilib və gözlərim Sənin lütflərinin sarayına baxır. Sənə layiq olan tərzdə mənimlə rəftar eylə. Səndən başqa Allah yoxdur, Qüvvətli Allah, Cəlallı Allah ki, bütün insanlar Onun köməyini diləyirlər.
Təriflər olsun Sənə, Ya Rəbb, mənim Allahım! Sən görürsən və bilirsən, mən Sənin bəndələrini dəvət etdim ki, Sənin bəxşişlərindən başqa heç bir tərəfə üz tutmasınlar və onlara əmr etdim ki, Sənin dərkolunmaz hökmünə və qəti məqsədinə uyğun olaraq nazil olmuş aydın Kitabında yazdıqlarından başqa bir şeyə riayət etməsinlər.
Ey mənim Allahım, Sənin iznin olmasa, bircə söz söyləyə bilməz, icazən olmasa, tək bir addım ata bilmərəm. Sən O Kəssən ki, Ey mənim Allahım, qüdrətinin gücü ilə mənə həyat vermisən və fəzlinlə inayət etmisən ki, Əmrini zahir edim. O üzdən elə bəlalara düçar olmuşam ki, dilim Səni tərif etmək və şərəfini ucaltmaqdan dayandırılıb.
Ey mənim Allahım, Öz hökmünlə və hökmranlığının gücü ilə mənə qismət etdiklərin üçün, bütün təriflər Sənə olsun. Yalvarıram Sənə, məni və məni sevənləri məhəbbətində möhkəmləndir və bizi Sənin Əmrində dönməz saxla. Sənin qüdrətinə and içirəm! Ey mənim Allahım! Sənin bəndənin xəcilliyi Səndən pərdələnməsindədir, izzəti isə Səni tanımaqdadır. Sənin adının qüvvəsi ilə silahlanmışkən, heç nə əsla mənə ziyan vura bilməz və ürəyimdə Sənin məhəbbətin varkən, bütün dünyanın bəlaları heç vəchlə məni qorxuda bilməz.
Ona görə də, Ey mənim Allahım, mənə və mənim sevimlilərimə o şeyləri nazil eylə ki, bizi Sənin həqiqətini inkar edənlərin və Sənin əlamətlərinə inanmayanların şərindən qorusun.
Sənsən, həqiqətən, Ən Cəlallı, Ən Kəramətli.
Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Səni and verirəm O Kəsə ki, Sənin Ən Böyük Adındır, O Kəs ki, Sənin həqiqətini inkar edənlərin əlindən cəfalara məruz qalıb və O Kəs ki, bəyana sığmayacaq sıxıntılarla əhatə olunub, hamının Sənin Gözəlliyindən üz çevirdiyi, Sənə etriaz etdiyi və Sənin Əmrini İzhar Edən Kəsə xor baxıb üz döndərdiyi bu günlərdə izn ver, Səni anım, Sənin tərifini ucaldım. Sənin Özündən başqa bir kimsə yoxdur ki, İlahi, Sənə kömək etsin, Öz qüvvəndən başqa bir qüvvə yoxdur ki, Sənə yardım etsin.
Yalvarıram Sənə, məni qadir eylə ki, Sənin məhəbbətindən və zikrindən möhkəm yapışım. Gücüm yetən, həqiqətən, yalnız budur və Sən O Kəssən ki, məndə olan hər şeyi bilirsən. Sən, həqiqətən, hər şeyi Bilən və hər şeydən Xəbərdarsan. İlahi, Sənin şəfəqi bütün dünyanı işıqlandıran üzünün nurunun parıltısından məni məhrum etmə. Səndən başqa Allah yoxdur, Ən Qüdrətli, Ən Cəlallı və Həmişə Bağışlayan.
Ucalsın Sənin Adın, Ya Rəbb, mənim Allahım! Səni and verirəm O Adına ki, onunla Məşhər gəldi, Qiyamət qopdu, göydə və yerdə olanları qorxu və dəhşət bürüdü – Sənin mərhəmət səmandan və şəfqət buludlarından Sənə üz tutan və Əmrinə kömək edən bəndələrinin könüllərini sevindirən şeyləri nazil eylə.
Öz bəndələrini və kənizlərini, İlahi, şəkk-şübhə oxlarından hifz eylə və onlara fəzl əllərinlə həzin axan irfan suları içir.
Sən, həqiqətən, Qüdrətli, Ən Uca, Həmişə Bağışlayan, Ən Səxavətlisən.
Alqış Sənə, Ey əbədiyyət Sultanı, ümmətlərin Xaliqi və hər bir çürümüş sümüyə şəkil Verən! Sənin O Adına and verirəm ki, Onunla bütün insanları Öz əzəmət və cəlal üfüqünə çağırdın və bəndələrini fəzl və lütfünün sarayına hidayət etdin – məni o kəslərlə bir sıraya yaz ki, Səndən başqa hər şeydən özlərini ayırdılar, üzlərini Sənə tutdular və qəzavü-qədərin müsibətləri onların Sənin bəxşişlərinə can atmalarına mane olmadı.
Mən Sənin kəramət dəstəyindən yapışmışam, İlahi, Sənin lütfünün libasının ətəyindən tutmuşam. Elə isə, Sənin kəramət buludundan onu yağdır ki, məni Səndən başqasının zikrindən pak etsin və məni qadir eylə ki, bütün bəşəriyyətin Qibləsi olan Kəsə yönəlim, O Kəs ki, Sənin əhdini pozan, Sənə və Sənin əlamətlərinə inanmayan nifaq əhli Onun əleyhinə qalxmışlar.
Sənin günlərində Öz libasının şirin rayihələrindən məni binəsib qoyma, İlahi və Camalının nurunun aşkara çıxdığı Zühurunun nəfəsindən məni məhrum etmə. Sən istədiyini etməyə Qadirsən. Heç nə Sənin iradənə qarşı çıxa və Sənin Öz qüdrətinlə istədiyinə mane ola bilməz.
Səndən başqa Allah yoxdur, Sən Qüdrət və Hikmət Sahibisən.
Sübhansan Sən, Ya Rəbb, mənim Allahım! Şükr edirəm Sənə, çünki məni qabil etdin ki, Zatının Məzhərini tanıyım və Sənin düşmənlərindən məni ayırdın, Öz günlərində mənim gözüm qarşısında onların bəd əməllərini və şər işlərini açdın, onlara olan bütün bağlılıqlardan məni qurtardın, məni tamamilə Öz fəzlinə və bol nemətlərinə doğru döndərdin. Yenə Sənə şükr edirəm ki, Öz iradə buludlarından məni imansızların eyhamından və kafirlərin kinayəsindən pak edən şeyləri nazil etdin və beləcə mən ürəyimi Sənə bağladım və Sənin üzünün nurunu dananlardan uzaqlaşdım. Yenə də Sənə şükr edirəm ki, Sənin məhəbbətində sabit olmaqda, Səni tərif etməkdə və sifətlərini ucaltmaqda mənə qüvvə verdin, görünən və görünməyən hər şeyi saran mərhəmətinin piyaləsindən mənə içirdin.
Sən Qüdrətli, Ən Uca, Ən Cəlallı, Ən Mehribansan.
Alqış Sənə, Ey mənim Allahım! Yolunda çəkilən bəlalar olmasaydı, Sənin həqiqi aşiqlərin necə tanınardı; Eşqindən doğan müsibətlər olmasaydı, Sənin həsrətini çəkənlərin məqamı necə bilinərdi? Sənin qüdrətin mənə şəhadət verir! Sənə sitayiş edənlərin həmdəmi göz yaşlarıdır, Səni axtaranların təsəllisi könüllərin naləsidir və Səni görməyə tələsənlərin qidası onların sınmış ürəklərinin parçalarıdır.
Necə də şirin dadır, Sənin yolunda çəkilmiş ölüm acısı və nə qədər əzizdir, Sənin sözünü ucaldarkən qarşılaşdığım düşmən oxları! Sənin Əmrində, Ey Mənim Allahım, Sən nəyi arzu etdinsə, qoy onu içim və Sənin məhəbbətində mənə qismət etdiyini nazil eylə. İzzətinə and olsun! Mən yalnız Sənin istədiyini istəyir, ancaq Sənin sevdiyini sevirəm. Bütün təvəkkül və inamımı hər vaxt Sənə bağlamışam.
Yalvarıram Sənə, Ey mənim Allahım, bu Zühura Sənin adına və hökmranlığına layiq köməkçilər meydana çıxar ki, onlar yaratdıqların arasında Səni xatırlasınlar və torpağında Sənin zəfər bayraqlarını ucaltsınlar.
Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Əzəmətli və Qəyyum Allah!
Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Öz əzəli hökmranlığının ğücü ilə ucaltdıgın kəsi həqir etmə və Sənin əbədiyyət çadırina daxil etdiyin kimsəni Özündən uzaqlaşdırma. Qovarsanmı, Ey mənim Allahım, o kəsi ki, onu Öz Rəbliyinlə himayə etmisən, rədd edərsənmi o kəsi ki, Ey mənim Məqsudum, ona Özün sığınacaq olmusan, xar edərsənmi o kəsi ki, Özün şərəfləndirmisən, ya unudarsanmı o kəsi ki, Səni xatırlamağa Özün qadir etmisən?
Ucasan Sən, sonsuz Ucasan! Sən o Kəssən ki, əzəldən bütün məxluqatın Sultanı və İlkin Hərəkətvercisi olmusan və əbədiyyətədək bütün yaranmışların Mövlası və Hökmdarı olaraq qalacaqsan. Ucasan Sən, Ey mənim Allahım! Əgər Sən bəndələrinə rəhm etməsən, onda kim onlara mərhəmət göstərər; əgər Sən Öz sevimlilərinin əlini tutmasan, kim onların əlindən tutar!
Ucasan Sən, sonsuz Ucasan! Sən Öz həqiqətində sitayiş olunansan və Sənə bizim hamımız, həqiqətən, sitayiş edirik; Sən Öz ədalətinlə aşkarsan, Sənə biz hamımız, həqiqətən, şəhadət veririk, Sən, həqiqətən, fəzlinlə Məhbubsan. Səndən başqa Allah yoxdur, Sən Əzəmətli və Qəyyumsan.
Ey Allah, Ey bütün Zühurları Yaradan, bütün Mənbələrin Mənbəyi, bütün Vəhylərin Qaynağı, bütün Nurların Çeşməsi! Mən şəhadət verirəm ki, Sənin Adınla irfan səması zinətləndi, bəyan dəryası təlatümə gəldi və Sənin Əmrin bütün dinlərin ardıcılarına bəyan oldu.
Yalvarıram Sənə, məni elə zəngin eylə ki, Səndən başqa heç kəsə möhtac olmayım və Səndən özgə heç kəsdən asılı olmayım. Sonra Öz kəramət buludlarından Sənin bütün aləmlərində mənə fayda verən şeyləri üstümə yağdır. Daha sonra Öz gücləndirici fəzlinlə mənə yardim eylə, Əmrinə bəndələrin arasında elə xidmət edim ki, səltənətin durduqca və mələkutun davam etdikcə məni xatırladacaq şeyləri nümayiş etdirim.
Bu Sənin bəndəndir, İlahi, bütün varlığı ilə Sənin kəramət üfüqünə, lütf dəryana və Sənin bəxşiş səmana dönüb. Sənin əzəmətinə və şanına, Sənin kərəminə və fəzlinə yaraşan tərzdə mənimlə rəftar eylə.
Sən, həqiqətən, qüvvət və qüdrət Allahısan, Sənə dua edənlərə cavab verməyə hazırsan. Səndən başqa Allah yoxdur, Hər Şeyi Bilən, Ən Hikmətli.
Ucalsın Sənin Adın, Ey mənim Allahım, çünki Sən o günü aşkar etdin ki, Günlərin Sultanıdır, O Gün ki, Onu Sən Öz seçilmişlərinə və Peyğəmbərlərinə Sənin ən uca Lövhələrində müjdəsini verdin, O Gün ki, onda Sən bütün adlarının cəlalının nurlarını yaradılmış şeylərin üzərinə səpdin. Xoş o kəsin halına ki, Sənə doğru yönəldi, Sənin hüzuruna nail oldu və Sənin nidanın şirinliyini eşitdi.
Səni and verirəm, Ey mənim Allahım, O Kəsin adına ki, Onun ətrafında bütün adların səltənəti təvaf edir - Sənə əziz olanlara kömək et ki, Sənin kəlamını Sənin bəndələrin arasında ucaltsınlar, yaratdıqların arasında Sənin tərifini yaysınlar, ta ki, vəhyinin şövqü Sənin yerinin sakinlərinin qəlblərini doldursun.
İndi ki Sən onları, İlahi, fəzlinin dirilik suyuna hidayət etmisən, kəramətinlə əta et ki, onlar Səndən aralı qalmasınlar; indi ki Sən onları Taxtının həndəvərinə səsləmisən, Öz hüzurundan inayətinlə onları qovma. O şeyləri nazil eylə ki, onları Səndən başqa hər şeydən tamamilə ayırsın və onları Sənə yaxınlıq fəzasında uçmağa qabil etsin, elə ki, nə zalımların iqtidarı, nə də Sənin ən uca və ən əzəmətli Varlığına inanmayanların eyhamı onları Səndən uzaqlaşdıra bilməsin.
Sən Ey yaxınlığı muradım, vüsalı ümidim, zikri diləyim, əzəmət dərgahı məqsədim, məkanı mətləbim, adı dərmanım, məhəbbəti könlümün nuru, xidmətində durmaq ən yüksək arzum! And verirəm Sənin o Adına ki, Sən onunla Səni tanıyanları Öz irfanının ən yüksək zirvələrinə uçurdun və sədaqətlə Sənə sitayiş edənləri müqəddəs lütflərinin sarayına yüksəlmələrinə yardım etdin - kömək eylə, üzümü Sənin üzünə çevirim, gözlərimi Sənə dikim və Sənin cəlalını vəsf edim.
Mən o kəsəm ki, İlahi, Səndən başqa hər şeyi unudub, Sənin fəzlinin Məşriqinə yönəlib, Sənin dərgahına yaxınlaşmaq ümidi ilə hər şeyi tərk edib. İndi mənə nəzər sal, Sənin üzünün nurunun şəfəqləri ilə parıldayan Taxta üz tutmuşam. Ey mənim Məhbubum, məni Sənin Əmrində möhkəmlədən şeyləri nazil eylə ki, imansızların şübhələri Sənə dönməkdən məni saxlamasın.
Sən, həqiqətən, Qadir Allahsan, Əzəmətli, Ən Cəllalı, Qüdrətlisən.
Alqış Sənə, Ey mənin Allahım! Sənə və Sənin əlamətlərinə iman gətirmiş kənizlərindən biri, Sənin birlik ağacının kölgəsində daxil olub. Ey mənim Allahım, Sənin Aşkar və Gizli adınla, Sənin nəfis, möhürlü şərabından ona icir ki, bu onu özündən alsın, bütünlüklə Sənin zikrinlə məşğul etsin və onu Səndən başqa hər kəsdən tamamilə ayırsın.
İndi ki Sən Özünü ona tanıtdırmısan, İlahi, Öz səxavətinlə onu Sənin fəzlindən rədd etmə; indi ki Sən onu Özünə çağırmısan, lütfünlə, onu Özündən uzaqlaşdırma. Sonra, Sənin yerinin üzərində olan hər şeydən üstün olanları ona nəsib eylə. Sən, həqiqətən, Ən Kəramətlisən, tükənməz Fəzl Sahibisən.
Əgər Sən bəndələrindən birinə yerin və göyün səltənətinə bərabər olanı əta etsəydin, o, yenə də Sənin bu səltənətinin sonsuzluğunu zərrə qədər də kiçiltməzdi. Sən insanların, adətən, Səni Böyük Olan deyə adlandırdıqlarından da böyüksən, çünki belə bir ad ancaq Sənin isimlərindən biridir, o isimlər ki, Sənin iradənin sadəcə bir əmri ilə yaranmışdir. Səndən başqa Allah yoxdur, qüdrət Allahı, şərəf Allahı, bilik və hikmət Allahı.
Ucalsın Sənin adın, Ey mənim Allahım və bütün şeylərin Allahı, mənim Şərəfim və bütün şeylərin Şərəfi, mənim Məqsudum və bütün şeylərin Məqsudu, mənim Qüvvətim və bütün şeyləri Qüvvəti, mənim Sultanım və bütün şeylərin Sultanı, mənim Sahibim və bütün şeylərin Sahibi, mənim Mətləbim və bütün şeylərin Mətləbi, mənim Hərəkətə Gətirənim və bütün şeylərin Hərəkətə Gətirəni! Diləyirəm səndən, Öz mərhəmət dəryandan məni mərhum etmə və Sənə yaxınlıq sahilindən məni uzaq salma.
Səndən başqası, İlahi, mənə fayda verməz və Səndən özgəsinə yaxın olmağın mənə köməyi yoxdur. Səndən rica edirəm, Sənin o sərvətinin zənginliyi xatirinə ki, onunla Sən Özündən savayı hər kəsdən ehtiyacsız oldun – məni üzünü Sənə tutanların və Sənin xidmətinə qalxanların cərgəsinə daxil eylə.
Sonra, İlahi, Öz bəndələrini və kənizlərini bağışla. Sən, həqiqətən, Həmişə Bağışlayan və Ən Şəfqətlisən.
Neçə-neçə buz bağlamış ürək, Ey mənim Allahım, Sənin Əmrinin atəşindən oda qalandı və necə-necə qafil Sənin nidanın şirinliyindən oyandı. Sənin günlərində necə-necə qərib Sənin vahidlik ağacının kölgəsinə sığındı və necə-necə təşnə dirilik suyunun çeşməsinə can atdı.
Xoş o kəsin halına ki, Sənə tərəf yönəldi, Sənin üzünün Məşriqinə çatmağa tələsdi. Xoş o kəsin halına ki, bütün sevgisi ilə üzünü Sənin Vəhy Məşriqinə və ilham Mənbəyinə tutdu. Xoş o kəsin halına ki, Öz Səxavət və lütfünlə ona bəxş etdiklərini Sənin yolunda sərf etdi. Xoş o kəsin halına ki, Sənin həsrətindən yanarkən, Səndən başqa hər şeyi atdı. Xoş o kəsin halına ki, Səninlə munis oldu və Səndən başqa hər şeydən əlini üzdü.
Səni and verirəm, İlahi, Sənin adın olan Kəsə, o Kəs ki, Sənin hökmranlığının gücü və qüdrəti ilə Öz məhbəsinin üfüqündən ucaldı – hər bir kəsə Sənə yaraşanı və Məqamına layıq olanı nəsib eylə. Sənin qüdrətin, həqiqətən, hər şeyə qadirdir.
Sən Ey üzü Sənin həsrətini çəkənlərin sitayiş yeri, liqası Sənin iradənə büsbütün tabe olanların ümidi, yaxınlığı Sənin sarayına yaxın olanların arzusu, siması Sənin həqiqətini etiraf edənlərin munisi, adı Sənin üzünü görmək üçün yananların qəlblərini titrədən, nidası Sənin aşiqlərinin həqiqi həyatı, sözü yerdə və göydə olanlar üçün həyat suyu olan Kəs!
Səni and verirəm Sənin çəkdiyin zülmə və zalımların qoşunlarının Sənə vurduqları ziyanlara – Sənin mərhəmət buludlarından onu nazil et ki, məni Səndən olmayan bütün şeylərdən təmizləsin, ta ki, mən Səni tərif etməyə layiq olum və Səni sevməyə qabil olum.
İlahi, Sənin ətrafında olan kənizlərin və üzərlərinə Sənin gözəlliyinin işığının və Sənin üzünün şualarının davamlı düşdüyü kəslər üçün müəyyən etdiyin şeyləri məndən əsirgəmə. Sən O Kəssən ki, əzəldən Səni axtaranlara yardım etmisən və səndən istəyənlərə kəramətlə lütf etmisən.
Səndən başqa Allah yoxdur, Qüdrətli, Dəyişməz, Kəramət Sahibi, Ən Səxavətli Allah.
Alqış Sənə, ey mənim Allahım! Mənim üzüm Sənin üzünə yönəlmişdir və mənim üzüm, həqiqətən, Sənin üzündür, mənim nidam Sənin nidan, Mənim zühurum Sənin Zühürün və mənim özüm Sənin Özün, mənim Əmrim Sənin Əmrin, mənim hökmüm Sənin hökmün, mənim Varlığım Sənin Varlığın, mənim hökmranlığım, Sənin hökmranlığın, mənim şərəfim Sənin şərəfin, mənim qüdrətim Sənin qüdrətindir.
Yalvarıram Sənə, Sən Ey millətlərin Yaradıcısı və əbədiyyət Sultanı – kənizlərini Özünün ismət məbədində qoru və onların Sənin günlərində layiqli olmayan əməllərini sil. Sonra, Ey mənim Allahım, bütün şəkk-şübhələri və bihudə xəyalları onlardan kənar et və Səninlə əlaqəsi olmayan hər şeydən onları pak eylə, Sən Ey adların Maliki və bəyan Mənbəyi. Sən ey bütün xilqətin cilovunu ovcunda tutan Kəs.
Səndən başqa Allh yoxdur, Qüdrətli, Ən Uca, Ən Nurlu, Qəyyum.
Bütün təriflər, Ey mənim Allahım, Sənə olsun, Ey cəlal və möhtəşəmlik, əzəmət və şərəf, hökmranlıq və səltənət, ucalıq və fəzl, həşəmət və hakimiyyət Mənbəyi. Sən kimi istəsən, Ən Böyük Dəryaya yaxınlaşdırırsan və kimə arzu etsən, ona Sənin ən Qədim Adını tanımaq şərəfi əta edirsən. Göydə və yerdə olanlardan heç kəs Sənin hökmran iradənə qarşı dura bilməz. Əzəldən Sən bütün xilqəti idarə etmisən və əbədiyyətə qədər də Sənin hökmranlığın bütün mövcudat üzərində qalacaq. Səndən başqa Allah yoxdur, Qüdrətli, Ən Uca, Ən Qüvvətli, Ən Hikmətli Allah.
Ya Rəbb, Sənin bəndələrinin üzlərini nurlandır ki, onlar Sənə baxsınlar; onların ürəklərini pak et ki, Sənin səmavi nemətlərinə tərəf dönsünlər və Sənin Özünün Məzhərin və Sənin Zatının Məşriqi olan Kəsi tanısınlar. Həqiqətən, Sən bütün aləmlərin Rəbbisən. Səndən başqa Allah yoxdur, Sən İxtiyar Sahibi və Qalibiyyətlisən.
Ey Allah, bütün Adların Allahı və göyləri Yaradan! Səni and verirəm o Adına ki, onun vasitəsilə Sənin Qüvvətinin Məzhəri və Qüdrətinin Məşriqi olan Kəs zühur etdi, Onun vasitəsilə hər bir bərk şey əridi və hər bir ölü bədən dirildi və hər bir ruh möhkəmləndi – yalvarıram Sənə, məni qadir eylə ki, özümü Səndən başqa hər kəsə bağlılıqdan qurtarım, Sənin Əmrinə xidmət edim və Sənin Öz hökmranlığının gücü ilə istədiyini istəyim və Sənin iradənin razı qaldıqlarına əməl edim.
Yenə yalvarıram Sənə, Ey mənim Allahım, mənə onları qismət eylə ki, məni kifayət qədər zəngin etsin və Səndən başqa heç kəsdən asılı olmayım. Sən məni görürsən, Ey mənim Allahım, üzümü Sənə tutmuşam, fəzlinin ipindən yapışmışam. Mənə Öz mərhəmətini nazil eylə və mənə seçilmişlərinə yazdıqlarını yaz. Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, həmişə Bağışlayan, Ən Kəramətli.
Sübhansan Sən, Ey mənim Allahım! Sənə şükr edirəm ki, mənə Zühurunun Məşriqi, Mərhəmətinin Məzhəri, Əmrinin Xəzinəsi olan Kəsi tanıtdırdın. Yalvarıram Sənə, o Adınla ki, onunla yaxınların üzləri ağ oldu və sadiqlərin könulləri Sənə tərəf qanad açdı- mənə qismət eylə ki, mən hər zaman və hər bir halda Sənin ipindən yapışım, Səndən başqa hər kəsdən əlimi üzüm, gözlərimi Sənin Vəhy üfüqünə dikim, Lövhlərində mənə əmr etdiklərini yerinə yetirim.
Öz lütf və inayətinin libası ilə, İlahi, mənim zahirimi və batinimi zinətləndir. Sonra Sənin bəyənmədiyin hər bir şeydən məni hifz eylə, mənə və yaxınlarıma Sənə itaət etməkdə və məni şeytani nəfs və ehtirasa təhrik edən hər şeydən uzaq olmaqda mərhəmətlə yardım eylə.
Sən, həqiqətən, bütün bəşərin Rəbbisən, bu dünyanın və o biri dünyanın Sahibisən. Səndən başqa Allah yoxdur, Sən hər şeyi Bilən və Ən Hikmətlisən!
Ucalsın Sənin Adın, Ey mənim Allahım! Səni and verirəm fəzl köynəyinin rayihələrinə ki, Sənin hökmün və istəyinlə bütün kainata yayıldı və Sənin iradə Günəşinə ki, Sənin qüdrətinin və hökmranlığın gücü ilə Sənin mərhəmət üfüqündən parladı – mənim ürəyimi bütün bihüdə xəyal və şəkk-şübhələrdən azad eylə ki, mən bütün sevgimlə üzümü Sənə tutum, Sən Ey bütün bəşərin Rəbbi!
Mən Sənin bəndən və bəndənin oğluyam, Ey mənim Allahım! Sənin fəzl dəstəyindən və inayət ipindən yapışmışam. Sənin yanında olan xeyirli şeyləri mənə nəsib eylə və məni Sənin səxavət buludundan və kərəm göyündən endirdiyin Süfrədən qidalandır.
Sən, həqiqətən, aləmlərin Rəbbi, göydə və yerdə olanların Allahısan.
Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Bu Sənin bəndəndir ki, Sənin fəzlinin əllərindən mərhəmət şərabını içdi və Sənin günlərində Sənin məhəbbətinin dadını bildi. Səni and verirəm, Sənin adlarının mücəssəmələrinə, o kəslər ki, Sənin sevgində sevinclərinə və nəzərlərini Sənin üzünə dikmələrinə kədər mane ola bilməz və o kəslər ki, qafillərin qoşunları Sənin razılıq yolundan onları döndərməkdə acizdir - ona Sənin malik olduğun xeyirləri nəsib eylə və onu elə zirvələrə qaldır ki, bu dünyaya o, bir göz qırpımından da tez yox olan bir kölgə kimi baxsın.
Daha sonra, Ey mənim Allahım, sonsuz əzəmətinin gücü ilə onu Sənin bəyənmədiyin bütün şeylərdən hifz eylə. Sən, həqiqətən, onun Rəbbi və bütün aləmlərin Rəbbisən.
Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Hər bir bəsirət sahibi Sənin səltənətini və hökmranlığını etiraf edir, hər bir görən göz Sənin əzəmətinin böyüklüyünü və Sənin qüdrətinin yenilməz qüvvətini anlayır. Sınaq tufanları gücsüzdür ki, Sənə yaxınlıqdan həzz alanların üzlərini Sənin cəlal üfüqünə tutmasına mane olsun; imtahan fırtınaları acizdir ki, Sənə vəfalı olanları Sənin dərgahına yaxınlaşmaqdan uzaq salsın və mane olsun.
Çünki Sənin məhəbbətinin çırağı onların ürəklərində, Sənin mehribanlıq məşəlin onların sinələrində alışıb. Bəlalar onları Sənin Əmrindən ayırmaqda acizdir və talenin tərs dövranı onları Sənin razılığından heç vaxt uzaqlaşdıra bilməz.
Səni and verirəm, Ey mənim Allahım, onlara və ürəklərinin Səndən ayrılıqdan çəkdikləri ah-naləyə - onları Sənin düşmənlərinin şərindən hifz eylə və Öz sevimlilərinə təyin etdiklərinlə onların qəlblərini bəslə, o kəslər ki, onlara qorxu gəlməz və kədərə düşməzlər.
Söylə: Ucalsın Sənin Adın, Ya Rəbb, mənim Allahım. Səni and verirəm o Adına ki, onunla müdriklik işığının şüaları parladı, o zaman ki, İlahi bəyan göyləri bəşərin arasında hərəkətə gətirildi – Öz səmavi təyidinlə mənə kömək eylə və bəndələrin arasında Sənin Adını ucaltmağa məni qadir eylə.
Ya Rəbb! Üzümü Sənə tərəf tutmuşam, Səndən başqa hər şeydən inqita etmişəm və Sənin saysız-hesabsız nemətlərinin libasının ətəyindən bərk yapışmışam. Ona görə də mənim dilimi aç, onları söyləyim ki, insanların ağlını məftun etsin, onların qəlbini və ruhunu şadlandırsın. Sənin Əmrində məni gücləndir ki, nə Sənin xilqətin arasında zalımların iqtidarı mənə mane olsun, nə də Sənin səltənətində sakin olanlar arasında imansızların hücumları məni saxlasın. Məni Sənin diyarlarında şölə saçan bir çıraq eylə ki, ürəklərində Sənin tanımağın işığı yanan və Sənin məhəbbətinin həsrəti qalan kəslər onun şöləsi ilə hidayət olunsunlar.
Həqiqətən, Sən hər nə iradə etsən, onu yerinə yetirməyə Qadirsən, Sən bütün xilqət aləmini Öz ovcunda tutursan. Səndən başqa Allah yoxdur, Qüdrətli, Ən Hikmətli.
Ey üzü qibləm, camalı Məbədim, dərgahı məqsədim, tərifi ümidim, istəyi munisim, eşqi varlıq səbəbim, zikri təsəllim, yaxınlığı amalım, vüsalı son arzum, uca diləyim Allah! Yalvarıram Sənə, bəndələrindən seçilmişlərin üçün yazdıqlarından məni məhrum etmə. Sonra mənə bu dünyanın və o dünyanın xeyrini nəsib eylə.
Sən, həqiqətən, bütün insanların Sultanısan! Səndən başqa Allah yoxdur, Sən Həmişə Bağışlayan və Ən Səxavətlisən.
Gündəlik namazların sayı üçdur…Mömin bu üç namazdan birini seçməkdə tamamilə azaddır, lakin onlardan hər hansı birini qılmağa borcludur və bu namazları onları müşayiət edən səciyyəvi hərəkətlərə uyğun qılmalıdır.
Namazla əlaqədar işlədilən “səhər”, “günorta” və “axşam” ifadələrinin mənası müvafiq olaraq, günçıxandan saat on ikiyədək, saat on ikidən gün batanədək və gün batandan iki saat keçənədək olan vaxtı bildirir.
Ey mənim Allahim, Səni tanımaq və Sənə ibadət etmək üçün məni yaratdığına şəhadət verirəm. Bu anda öz acizliyimə və Sənin qüdrətinə, öz zəifliyimə və Sənin qüvvətinə, öz fəqirliyimə və Sənin zənginliyinə şəhadət verirəm. Səndən başqa Allah yoxdur. Sən Əzəmətli və Qəyyumsan.