Selections from the Writings of the Báb

Azerbaijani · Həzrət Bab

BB00490 BB00490

Add range:

Ulular Ulusu, Qalibiyyətli Allahın Adı ilə! Hökmranlıq mənbəyi əlində olan Rəbb Ulu və Müqəddəsdir! O istədiyini Özünün “Ol” Fərmanı ilə yaradır və o olur. Bundan əvvəl hökm ixtiyarı Onun idi və bundan sonra da Onun olacaq. Öz əmrinin qüdrəti ilə kimi istəsə, O qalib edir. Odur həqiqətdə, Qüdrətli, Qüvvətli. Zühur və Xilqət və onların arasında olanların səltənətlərində bütün cəlal və əzəmət Ona məxsusdur. Həqiqətən, O Qadirdir, ən Cəlallıdır, əzəldən O, dəfedilməz güc Mənbəyi olmuş və əbədiyyətədək də belə qalacaqdır. O, doğrudan qüdrət və qüvvət Rəbbidir. Göyün və yerin bütün səltənətləri və onların arasında olan hər şey Allahındır və Onun qüdrəti hər şeydən üstündür. Yerin və göyün bütün xəzinələri və onların arasında olan hər şey Onundur və hər şey Onun mühafizəsi altındadır. Odur yaradan göyləri və yeri və onların arasındakı hər şeyi və O, həqiqətən, hər şeyə şahiddir. Göyün və yerin sakinləri və onların arasında olanlar üçün Haqq-hesab gününün Sahibi Odur və həqiqətən haqq-hesab çəkməkdə Allah cəlddir. Göydə və yerdə və onların arasında olanlar üçün ölçünü O müəyyən edir. Həqiqətən O Ali Hifz Edəndir. Göyün və yerin və onların arasında olan hər şeyin açarlarını O öz ovcunda tutur. Hökmünün gücü ilə, Öz istəyilə O, bəxşişlər əta edir. Onun fəzli, həqiqətən, hamını bürüyür və Odur hər şeyi Bilən.

Söylə: Allah mənə yetər! Bütün şeylərin səltənətini ovcunda tutan Odur. Göydə və yerdə və onların arasında olanların qoşunlarının gücü ilə O, istədiyi kəsi hifz edir. Allahın gözü, həqiqətən, hər şeyin üzərindədir.

Nəhayətsiz ucasan Sən, Ya Rəbb! Qarşımızda və arxamızda, başımızın üstündə, sağımızda və solumuzda, ayağımızın altında və mühafizəsiz qalmış hər yerimizdə olanlardan bizi hifz eylə. Həqiqətən, hər şeyin mütləq qoruyucusu Sənsən.

*1(Bu duanın əsli Həzrət Babın Öz əli ilə beş guşəli ulduz şəklində yazılmışdır)

BB00553 BB00553

Add range:

Ucalsın Sənin Adın, ya Rəbb, bizim Allahımız! Sən həqiqətən, görünməyən şeyləri Bilənsən. Bizə o xeyiri nəsib eylə ki, Sənin hər şeyi əhatə edən elmin ölçə bilər. Sənsən hökmran Allah, Qüdrətli və sevgili Məhbub.

Bütün alqış Sənə olsun, Ya Rəbb! Təyin olunmuş gündə biz Sənin mərhəmətini axtarar və bütünlüklə, Ey bizim Rəbbımız, Sənə təvəkkül edərik. Sən Cəlal Sahibisən, İlahi! Bizə xeyirli və layiqli olanı bəxş eylə ki, Səndən başqa hər şeydən azad olaq. Həqiqətən, Sənsən aləmlərin Rəbbi.

İlahi! Sənin günlərində səbrli olanları mükafatlandır və onların qəlblərini möhkəmləndir ki, Haqqın yolundan yayınmasınlar. Sonra, Ya Rəbb, elə xeyir-bərəkətləri bəxş eylə ki, onları Sənin tam xoşbəxtlik Cənnətinə daxil olmağa qabil etsin. Ucasan Sən, Ya Rəbb, İlahi! Öz səma nemətlərini Sənə inananların evlərinin üzərinə yağdır. Həqiqətən, İlahi, nemətlər nazil etməkdə Sənin bərabərin yoxdur. Ey Allah, Sənin vəfalı bəndələrinə zəfər qazanmaqda kömək edən qoşunlar göndər. Sən yaradılmış hər şeyi Öz əmrinlə istədiyin şəklə salırsan. Sən həqiqətdə Hökmran, Yaradan və Hikmət Sahibisən.

Söylə: Həqiqətən, Allah bütün şeylərin Xaliqidir! O bol ruzini istədiyi kəsə bəxş edir. O Yaradıcı, bütün varlıqların Mənbəyi, Qurucu, Qüdrətli, Həyatverici, Ən Hikmətlidir. Göylərdə, yerdə və onların arasında olan ən gözəl adlar Ona məxsusdur. Hər şey Onun əmrinə tabedir, yerin və göyün sakinləri Onun tərifini ucaldır və hamı Ona gayıdacaqdır.

BB00556 BB00556

Add range:
Həqiqətən, mən Sənin bəndənəm, Ey mənim Allahım, Sənin fəqir, yalvaran, həqir bir məxluqunam. Mən Sənin qapına gəlmişəm, Sənin sığınacağını axtarıram. Mənim razılığım ancaq Sənin məhəbbətində, coşğunluğum Sənin zikrində, şövqüm Sənə itaətdə, sevincim Sənə yaxınlıqda, sakitliyim Sənin vüsalındadır, bununla belə, mən bilirəm ki, bütün yaranmış şeylərin Sənin uca Zatına yolu bağlıdlr və bütün xilqət Sənin batini Varlığına yol tapmaqdan məhrum edilmişdir. Nə zaman mən Sənə yaxınlaşmağa cəhd edirəm, özümdə Sənin fəzlinin nişanələrindən başqa heç nə tapmıram və öz varlığımda Sənin inayətinin aşkar olmasını görürəm. Sadəcə Sənin bir məxluqun olan bir kimsə Səninlə qovuşmağa və Sənin hüzuruna yetişməyə necə can ata bilər, baxmayaraq ki, yaradılmış heç nə, əsla, nə Sənə şərik qoşula bilər, nə də bir şey Səni dərk edə bilər. Bu necə mümkün ola bilər ki, müti bəndə Səni tanısın və Sənin tərifini söyləsin, baxmayaraq ki, Sən Öz səltənətinin ələmətlərini və Öz hökmranlığının ecazkar dəlillərini onun üçün təyin etmisən? Beləliklə, hər bir yaranmış sey şəhadət verir ki, onun Sənin dərgahına yolu onun batini mahiyyətində qoyulmuş məhdudiyyətlərlə bağlanmışdır. Bununla belə, bu şübhəsizdir ki, Sənin cazibən həmişə Sənin yaratdıqlarının zatına xas olmuşdur, hərçənd ki, Sənin inayətinin müqəddəs dərgahına yaraşan şeylər bütün məxluqatın yetişməsindən çox ucadır. Bu, Ey mənim Allahım, Səni tərif etməklə mənim təmamilə acız olduğumu göstərir və Sənə şükr etməkdə mənim hədsiz gücsüzlüyümə dəlalət edir. Və bundan daha çox, Sənin ilahi birliyini dərk etməyə nail olmaqda və Sənin tərifinin, paklığının və cəlalının aydın əlamətlərinə yetişməkdə acizliyimi və gücsüzlüyümü göstərir. Xeyr, Sənin qüdrətinə and olsun, mən Sənin Özündən başqa heç nəyin həsrətində deyiləm, nə də Səndən qeyri bir kimsəni axtarıram.

BB00593 BB00593

Add range:

Ey bizim Rəbbimiz Allah! Sənin razı qalmadığın hər şeydən Öz fəzlinlə bizi qoru və bizə sənə layiq olanı bəxş eylə. Öz kərəmindən bizə bol pay ver və bizi bəxtiyar eylə. Törətdiklərimizə görə bizi əfv et, günahlarımızı sil və bağışlayıcılığınla günahımızdan keç. Həqiqətən Sən Ən Uca və Qəyyumsan.

Sənin inayətin göydə və yerdə olan bütün yaranmışları əhatə edib və Sənin əfvin bütün yaradılışı bürüyüb. Hökmranlıq Sənə məxsusdur; əmr və xilqət aləmləri Sənin əlindədir; bütün yaradılışı Sən sağ əlində saxlayırsan və əfvin təyin olunmuş mizanı Sənin ovcundadır. Bəndələrin arasından kimi istəsən, Sən bağışlayırsan. Həqiqətən, Sən həmişə Bağışlayan və Mehribansan. Hec bir şey Sənin elmindən qaça bilməz və heç nə yoxdur ki, Səndən gizli olsun.

Ey bizim Rəbbimiz Allah! Öz qüdrətinin gücü ilə bizi qoru, bizi Sənin ecazkar, təlatümlü dənizinə daxil olmağa qadir eylə və Sənə yaraşanı bizə əta eylə.

Sənsən Hökmran Hakim, Qüdrətli Xaliq, Uca və Ən Sevimli.

BB00617 BB00617

Add range:
Yalvarıram Sənə, İlahi, bağışla məni, Sənin zikrindən başqa hər bir zikr üçün, Sənin tərifindən başqa hər bir tərif üçün, Sənə yaxınlıq həzzindən başqa hər bir həzz üçün, Səninlə ünsiyyət zövqündən başqa hər bir zövq üçün, Sənin məhəbbət və razılığının sevincindən başqa hər bir sevinc üçün və mənə aid olan, lakin Səninlə əlaqəsi olmayan hər bir şey üçün, Sən Ey rəblərin Rəbbi, Ruzi Verən və Qapıları Açan.

BB00621 BB00621

Add range:

Alqış və təriflər olsun Sənə, Ey Allah! Sənin müqəddəs hüzuruna yetişmək gününü tez yaxınlaşdır. Öz məhəbbətinin və razılığının qüdrəti ilə qəlblərimizi sevindir və bizə sabitlik bəxş eylə ki, Sənin İradənə və Sənin Hökmünə razılıqla tabe olaq. Həqiqətən, Sənin elmin yaratdığın və yaradacağın bütün şeyləri əhatə edir və Sənin İlahi qüdrətin xəlq etdiyin və ya edəcəyin hər şeyin fövqündədir. Səndən başqa pərəstiş olunan, Səndən başqa məqsud, Səndən qeyri məbud, Sənin razılığından özgə seviləcək bir şey yoxdur.

Həqiqətən, Sən Ali Hökmdar, Haqq Sultanı, Əzəmətli və Qəyyumsan

BB00623 BB00623

Add range:
Varmıdır Allahdan başqa çətinliklərdən Qurtaran? Söylə: Sübhandır Allah! Odur Allah! Hamı Onun bəndələridir və hamı Onun hökmünü yerinə yetirir.

BB00630 BB00630

Add range:
Ya Rəbb! Sənsən hər bir dərdi Qaldıran və hər bir kədəri Dağıdan. Sənsən hər bir qəm-qüssəni Aparan, hər bir qulu azad Edən və Sənsən hər bir ruhu Xilas Edən. İlahi! Öz mərhəmətinlə nicat ver və məni xilas olmuş bəndələrin sırasına yaz.